Dilimizə hörmət edək

Monday, 15 June, 2015 15:51

Bu bloq postu yazmağa xaricdə olduğum müddətdə eşitdiyim, gördüyüm və başıma gələn hadisələrdən sonra qərarlandım.

 

Qısa məlumat verim ki dilçi deyiləm və bəzən rus, türk və ya ingilis (bəzən də ispan) sözlərini də leksikonumda istifadə edirəm. Hətta qramatikadan da güclü olmadığımı boynuma alıram. Lakin dilimizə hörmət edir, və onun inkişaf etməsi üçün 9 611 700 nəfərdən biri kimi bu bloq postu yazmağı özümdə borc bilirəm. (Dama dama göl olar)

 

İlk olaraq Azərbaycan və Türk dillərindən danışım. Türk mənşəli bir dil olduğumuz üçün ədəbiyat olmayanda və ya TV kanal(izasiya)larımızda boşluq olanda bu dilə müraciət edildiyinin çox şahidi olmuşam. Lakin türklər bizim dilə müraciət etməyib, hətta gülürlərdə bizə.

 

Başıma gələn bir hadisəni danışım. Demək İspaniyada bizə yaxın bir türk resrotanı var, hindlilərdən fərqli olaraq buranı işlədən türklərdir və təmizkarlıq etdiklərinin şahidi də olmuşam. Bir dəfə bunlardan özümə dönər alanda məndən hansı növ dönər istədiyini soruşduqda mən toyuq yox “mal ətindən” dönər verməsini xahiş etmişdim. Sən demə türk dilində “mal” sözü, bizdə olduğu kimi “mal” mənasını verir, onlarda “mal əti” anlayışı olmadığına görə adamın mənə niyə pis pis baxmasını anlamamışdım. Sonradan onların bunu zarafat etmələrindən anladım.

 

Nə deyim, “yarım”, “yorumla” türk dilini başa vururam və bəzən isə dilimizdə abi, arkadaş, evet kimi yeni gəlmə sözlər eşitdikdə çox qıcıqlanıram. Düzdür dilimiz çox kasıbdır, bunun üçün biz hər bir sözü türk dilindən götürməməliyik. “Digital” sözü kimi rus dilindən tərcümə edənlər “Rəqəmli”, türk dilindən edənlər isə “Rəqəmsal” işlətdikləri kimi (Səhv ola bilər).

 

Digər dillər. Davay, daa, karoçe, OK, yes kimi sözlər də boldur dilimizdə, özüm də bəzən bu sözlərdən istifadə edirəm. Amma ki bunların da üzərində çalışmaq lazımdır. İspanlar OK əvəzinə Vale, Ruslar isə Dabro deyirlər, biz isə OK deyərək üstündən keçirik. Qısaca olaraq bu tip sözləri tərgizmək üçün ən azından gündəlik istifadə etdiyimiz dildə və ya hər hansı toplantılarda biz birimizdə bu tip düzəlişləri etsək yaxşı olar. Düzdür çox qürurlu millətik, kim isə söz deyəndə və ya düzəliş edəndə “nədi, məndən ağıllısan” deyə düşünərək yekəbaşlıq edirik (özüm də eləyəm), lakin bu cür hirslənmək və ya nəyi isə sübut etmək əvəzinə ən azı 3ə kimi saymaq kifayət edər.

 

Ədəbiyyat, İnternet. Düzdür Azərbaycan dilində ədəbiyyat azdır, lakin son illər bu sahədə işlər aktiv gedir. Dilimizə tərcümə edilmiş kitablar çıxır. Biz də bu sahənin inkişafı üçün nə isə edə bilərik. Bu sahədə çox yazılıb, amma yenədə razılaşıb, sonda heç nə etməyənlər var. Ən azından bir vətəndaş kimi sosial şəbəkələrdə, messengerlərdə(çatlarda) yazanda öz dilimizdə, 32 hərifli əlifbamızdan istifadə edərək yaza bilərik. ş əvəzinə w yazmaq lazım deyil, saytlarda az az olur ki daxil olub ünvan yazmalı olursan, bu vaxtı artıq w-ya ehtiyac da olmur və ya klavişləri keçirtmək üçün 1 saniyədən də az vaxt gedir. Və ya ə vəzinə e, ö əvəzinə o yazanları demirəm ki bu vaxtı kimin ölüb, kiminsə olduğunu bimirsən. “Alim olub”, “Alim ölüb” kimi.

 

Bu yazdıqlarım sadəcə ürəyimdə neçə müddətdir ki toplanıb qalmış fikirlərim idi. Fikirlərimdə qarışıqlıq və ya fikir aydınsızlığı ola bilər. Bu barədə kommentlərdə müzakirə apara bilərik.

 

Fikrimi bir məşhur misal ilə bitirərək, dilimizi inkişaf etdirək deyərək sizlərə müraciət edirəm.
“Bir milləti məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini əlindən al”

 

Leave a Reply

*